+994 50 +994 12 491 22 26

Bayıl

Bayıl… Tarixin həkk olunduğu yer... Adı neft dövrünün başlanqıcı ilə, tarixi memarlıq abidələri və məşhur şəxsiyyətlərlə bağlı bir məkan. Vaxtilə Bibi-Heybət ziyarətgahına aparan yol üstündə qurulan, sonralar məşhur xeyriyyəçi-milyonçu Hacı Zeynalabdin Tağıyevin neft mədənləri ilə şəhər arasında qalan, dağ ətəyindən dənizə doğru pillə-pillə enən təbii amfiteatrda bir-birinə quş yuvalarıtək yapışmış evlərdən ibarət Bayıl qəsəbəsi... Bugün o, meqapolisin içinə əbədi olaraq qərq olub, şəhər mərkəzinin ayrılmaz parçasına çevrilib. Amma burada, ötən əsrin əvvəllərində tikilmiş binaların arasında, qocaman şəhər parkının əsrlik ağaclarının kölgəsi altında hələ də qədim tarixin ruhu yaşayır.

… Tarixçilərin dediyinə görə, qədim zamanlarda məşhur Makedoniyalı İsgəndər şəxsən buralara qədər gəlib çatıbmış. Yaşayış evlərinin düz qarşısında isə Xəzərin dalğaları arasından əsrarəngiz Səbail qalasının bünövrəsi və qala divarlarının qalıqları görünür. 

Səbail qalası 1235-ci ildə Şirvanşah III Fəriburzun əmri ilə tikilibmiş. O vaxtdan bəri qala Xəzərin su səviyyəsi dəyişdikcə gah su üzünə çıxır, gah da dalğaların arasına qərq olur.

XIX əsrin 20-ci illərindən etibarən Bayıl burnunun ətrafında, Bakı şəhəri ilə Bibi-Heybət ziyarətgahının arasında yavaş-yavaş yolkənarı qəsəbə formalaşırdı. Elə həmin vaxtlarda burada Rusiya İmperiyasının hərbi donanması yerləşməyə başladı. Əvvəlcə liman və gəmi təmirxanası tikildi. Bir müddət sonra isə su səviyyəsinin Astraxan sahillərində azalması səbəbindən donanmanın qərargahı da bura köçürüldü. Ardınca Bayılda dənizçi zabit və matroslar üçün yaşayış evləri və 1868-ci ildə beşqübbəli pravoslav kilsəsi tikildi, adı “dəniz kilsəsi” olaraq tarixə keçdi. Məbədin qarşısında Admirallıq bağçası salındı.1888-ci ildə Bakıya ailəsi ilə təşrif buyuran Rus İmperatoru III Aleksandr həmin kilsədə keçirilən dini mərasimdə iştirak etdi. 

1934-cü ildə kommunist rejiminin əmri ilə kilsə yerlə bir edildi. Hazırda onun yerində 49 saylı orta məktəb yerləşir. Xalq arasında Bayıl parkı kimi tanınan Admirallıq bağçasının bəxti isə daha açıq imiş: 2011-ci ildə həyata keçirilən əsaslı təmirdən sonra həmin bağ artıq Qafur Məmmədovun adını daşıyır və şəhərin ən qocaman parklarından biri kimi öz 150 illik mövcudluğunu davam etdirir.

… Tarix öz məcrasında beləcə axarkən, 1848-ci ildə buralarda dünyanın ilk neft mədənində fontan vurdu. Artıq dünya karbonhidrat erasına qədəm basmışdı. 1912-ci ilədək Bayılın qoruyub saxladığı müstəqil qəsəbə statusu artıq yoxolmağa, Bayılın özü isə bundan sonra əbədi olaraq şəhərin tərkib hissəsinə çevrilməyə hazırlaşırdı.

Hələ yolkənarı qəsəbə olduğu vaxtlarda da Bayılın Bakı üçün əhəmiyyəti get-gedə artırdı. XIX əsrin sonlarında burada o vaxt nadir sayılan su şirinləşdirici qurğu işə salındı. Sonralar, xüsusilə Sovet dövründə burada çoxsaylı sənaye və ictimai-mədəni təyinatlı obyektlər qurulmağa başladı. 

Həmin obyektlərdən hər birinin özünəməxsus tarixçəsi var, məhz buna görə də onlardan hər biri təkrarolunmazdır. Bayılda həm məşhur “Krasin DRESi”, həm sonradan yerində doğum evi qurulan, Sovet sənayeləşmə dövrünün parlaq atributu “fabrik-yeməkxana”, eləcə də inqilabçı İosif Stalinin Çar Rusiyası dövründə dustaq yatdığı Bayıl "türməsi” (həbsxanası) yerləşirdi.

… Son on ildir ki, Bayılın siması inanılmaz sürətlə dəyişir. Çoxzolaqlı sürətli avtomobil yolu, Ginnes rekordlar kitabına düşən 162 metrlik dirəyin üstündə əzəmətlə dalğalanan nəhəng Dövlət Bayrağı, Avroviziya-2012 mahnı müsabiqəsi üçün məxsusi tikilən gözəllər gözəli “Kristal” zalı, şəhərin üstündə qəribə şəkildə yüksələrək səmaları yandırıb-yaxan futuristik “Alov Qüllələri”, Bakı dənizkənarı bulvarın yeni hissəsi, böyük Müşahidə Çarxı attraksionu, Xalça muzeyinin və Muğam Mərkəzinin üslublaşdırılmış binaları, yenidən bərpa olunmuş Bakı “Venesiyası” ... və Funikulyor, yoxluqdan geri qayıdan tarixi “İnturist” mehmanxanası Bayılın ətrafını bəzəyir.

Bugün məhz Bayıl ətrafında paytaxtın ən yeni və irimiqyaslı şəhərsalma layihələri həyata keçirilməkdədir.

Bu isə, o deməkdir ki, tarix yazılmağa davam edir!